Azərbaycan neft bazarının sabitləşdirilməsi prosesinə dəstəyi davam etdirməyə hazırdır. Bunu energetika naziri Pərviz Şahbazovbu gün Vyanda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşdə deyib.
“Azərbaycan dünya neft bazarının sabitləşdirilməsi prosesinin iştirakçısı kimi bundan sonra da dəstəyi davam etdirəcək”, - deyə o qeyd edib.
Energetika Nazirliyinin məlumatına görə, görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatınının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib.
Tərəflər bildiriblər ki, 2016-cı ildə əldə olunmuş razılığa əsasən, OPEC+ ölkələri gündəlik neft hasilatını 1,8 mln. barel azaltmalı olduqları halda, faktiki olaraq bu göstərici təxminən 2,8 mln. barel təşkil edir. Bu isə neftə artan tələbatın ödənilməsində problemlər yaradır. Buna görə də neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir və həcmlər OPEC və qeyri-OPEC nazirlərinin qarşıdakı iclasında birgə müzakirə əsasında müəyyənləşdiriləcək.
P.Şahbazov dünya neft bazarında proseslərin neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin maraqlarına uyğunluğunun təmin edilməsi üçün birgə səylər göstərilməsinin mühümlüyünü qeyd edib.
O, həmçinin Azərbaycanda neft hasilatı ilə bağlı hazırki və proqnozlaşdırılan imkanlar barədə məlumatı diqqətə çatdırıb.*
N.Abbasova