Azərbaycan və Rusiyanın müdafiə qurumları arasında daim dialoq aparılır. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
"Ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir”, - deyə o, Müdafiə Nazirliyinin saytında dərc olunmuş materialda bildirib.
Nazir qeyd edib ki, regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.
“Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur”, - deyə Z.Həsənov vurğulayıb.
O deyib ki, Azərbaycan Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarla yanaşı, Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarını genişləndirir. "Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər", - deyə müdafiə naziri əlavə edib.*
F.İsazadə