Azərbaycan Ordusu tərəfindən müdafiənin ön xəttində yeni mühəndis şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nöqtələri tikilib, əlavə torpaq sipərlər, qovşaqlar çəkilib, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb. Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib.
“Müdafiənin ön xəttində bütün istiqamətlər üzrə zəruri fortifikasiya işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni mühəndis şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nöqtələri tikilib, əlavə torpaq sipərlər, qovşaqlar çəkilib, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb”, - nazirliyin saytında dərc olunan materialda Z.Həsənov yazır.
Nazirin fikrincə, görülən bu işlər şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi imkanlarını xeyli dərəcədə artırıb.
Z.Həsənov vurğulayıb ki, çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə, o cümlədən kolonların maneəsiz və təhlükəsiz hərəkəti üçün yolların çəkilişi davam etdirilib, müasir tələblərə cavab verən rabitə və digər kommunikasiya vasitələri quraşdırılıb və yenilənib.
“Bu fəaliyyətlər əməliyyat şəraiti nəzərə alınmaqla bu gün də davam etdirilir”, - nazir qeyd edir. **
F.İsazadə