Azərbaycan Silahlı Qüvvələrin irimiqyaslı təlimlərin keçirilməsində məqsəd mümkün müharibəyə hazırlaşmaqdır. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Cari ilin mart ayında Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə cəbhə bölgəsində yerləşən müxtəlif poliqonlarda genişmiqyaslı döyüş atışlı təlimlər keçirilib. Təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, ordu və cəbhə aviasiyasının 50-dək müxtəlif təyinatlı təyyarə və helikopterləri iştirak edib. Döyüş şəraitinin modelləşdirilməsi və real atışların icrası ilə keçirilən təlimlərdə məqsəd idarəetmə orqanları və qoşunların öz peşəkarlıqlarını və döyüş bacarıqlarını nümayiş etdirməsi, gələcək müharibəyə hazırlaşması olub”, - nazirliyin saytında dərc olunan materialda Z.Həsənov yazır.
O qeyd edib ki, 2017-ci il ərzində qoşunların hazırlıq planına uyğun olaraq ümumilikdə 40-dan artıq komanda-qərargah hərbi oyunu, komanda-qərargah təlimi və komanda-qərargah səfərbərlik təlimi, eləcə də 20-dən çox taktiki təlim keçirilib.
“Keçirilən təlimlərə maksimal sayda şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, eləcə də Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib”, - nazir bildirib.
Z.Həsənov vurğulayıb ki, Azərbaycan hərbçiləri regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli irimiqyaslı təlimlərdə mütəmadi olaraq iştirak edirlər. Ötən il ərzində Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Gürcüstan, İordaniya və digər ölkələrdə təşkil olunan təlimlərdə yüzlərlə hərbi qulluqçumuzun iştirakı təmin edilib.
“Azərbaycan əsgərinin hazırlıq səviyyəsini xarici ölkələrin yüksək rütbəli hərbçiləri, mütəxəssisləri, müstəqil ekspertləri yüksək qiymətləndirir, müxtəlif ölkələrin ordularının reytinqlərini müəyyən edən beynəlxalq araşdırma mərkəzləri isə öz sənədlərində dərc edirlər”, - nazir bəyan edib.
O əlavəö edib ki, 2018-ci il ərzində Almaniya, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, İrlandiya, Yunanıstan, Norveç və digər ölkələrdə keçiriləcək müxtəlif təlimlərdə hərbi qulluqçularımız qüvvə qismində və qərargah zabitləri səviyyəsində təmsil olunacaqlar. **
F.İsazadə