2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 184 ölkədən 1 mln. 55,6 min əcnəbi vətəndaş gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin yanvar-may aylarında Azərbaycana ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,3%-i Rusiya Federasiyası, 22%-i Gürcüstan, 12,1%-i İran, 11,3%-i Türkiyə, 4%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub”, - deyə məlumatda bildirilir.
Gələnlərin 67,8%-ni kişilər, 32,2%-ni isə qadınlar təşkil edib.
Cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4%, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8% artıb. İrandan gələnlərin sayında 11,3% azalma müşahidə edilib.
2018-ci ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,6% artaraq 42,6 min nəfər,MDB ölkələrindən gələnlərin sayı 7,4% artaraq 367,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9%-i dəmir yolu və avtomobil, 39,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.
2018-ci ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3% artaraq 1645,6 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7%-i Gürcüstana, 28,5%-i İrana, 21,7%-i Rusiya Federasiyasına, 12,3%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,3%-i Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
“Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3%-i dəmir yolu və avtomobil, 18,8%-i hava, 0,9%-i faizi isə su nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd edilir.*
N.Abbasova