Maliyyə naziri Samir Şərifov xarici borcun artmasını 3 əsas səbəblə əlaqələndirir.
«Azərbaycanın xarici borcun artmasının 3 əsas səbəbi var. Bunlar manatın dollara nisbətən devalvasiyası, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı verilən dövlət zəmanətidir», - deyə o bildirib.
Nazirin sözlərinə görə, son 2-3 il ərzində hökumət bu məqsədlər üçün xərcləri artırmalı olub. "Biz müəyyən xərclərə getməli idik. Maliyyə-bank sektorunda, o cümlədən Azərbaycan Beynəlxalq Bankında (ABB) yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib», - deyə S.Şərifov qeyd edib.
O deyib ki, bununla əlaqədar 2,3 mlrd. dolları dövlət öz üzərinə götürüb. “Təkcə bu tədbir hesabına bizim xarici borcumuz 31% artıb», - deyə S.Şərifov əlavə edib.
Maliyyə naziri bildirib ki, həyata keçirilən layihələrin, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini nəzərə alaraq, dövlət müəyyən borclanmaya gedib. Bu layihə ilə bağlı “Cənub Qaz Dəhlizi” şirkətinin 6 mlrd. dollarlıq borclanması yaranıb.*
B.Rüstəmbəyov