2018-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 88 mln. 745,2 min ton təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 80,7% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 19,3% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin yanvar-may aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb.
Hesabat dövründə dəmir yolu ilə 5 mln. 528,4 ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəricisindən 8,1% azdır.
Dəniz nəqliyyatı ilə 3 mln. 543,9 min ton (artım 11,3%), avtomobil nəqliyyatı ilə 55 mln. 559,2 min ton (artım 2,6%), hava nəqliyyatı ilə 88,7 min ton (artım 39,2%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 16 mln. 899,1 min ton neft (azalma 3,3%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova