İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək hərbi paradda 4 min nəfərədək şəxsi heyəti iştirak edəcək, 240-dan çox hərbi texnika nümayiş etdiriləcək.
“İyunun 26-da Azadlıq Meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar hərbi parad keçiriləcək”, - Müdafiə Nazirliyindən məlumat verilir.
Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edəcək.
Bundan əlavə, paradda 240-dan çox hərbi texnika,70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunacaq.
“Tədbirdə Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edəcək”, - məlumatda vurğulanır. **
F.İsazadə