İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
“Toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Həmçinin iclasda Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək”, - H.Hacıyev qeyd edib.
Eyni zamanda o bildirib ki, Əfqanıstan hökuməti və “Taliban” hərəkatının nümayəndələri arasında danışıqlar Kabildə planlaşdırılır.
Öncə Azərbaycan mətbuatının yaydığı məlumata əsasən, iyunun 28-də Bakıda Əfqanıstan hökuməti və “Taliban” hərəkatının nümayəndələrinin görüşü keçiriləcək.
Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib. Əfqanıstan və Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir. Qrupa 60 dövlət və beynəlxalq təşkilat daxildir. **
F.İsazadə