Prezident İlham Əliyev Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həlli üçün danışıqlar masasına qayıtmağa çağırıb.
“Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Ancaq biz işğalla heç vaxt barışmayacağıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin”, - deyə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da keçirilən hərbi paradda bildirib.
Dövlət başçısının sözlərinə görə, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır.
“Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək.”, - deyə İ.Əliyev qeyd edib.
O əlavə edib ki, 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Naxçıvan əməliyyatında torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. “Biz düşmənə gücümüzü göstərdik. Ermənistan ordusu ilə bağlı uzun illər ərzində yayılan mifi darmadağın etdik”, - deyə prezident vurğulayıb.
İ.Əliyev deyib ki, Azərbaycan bütün torpaqlarının işğaldan azad ediləcəyi günü yaxınlaşdırır.*
F.İsazadə