Beynəlxalq Qaz İttifaqı (IGU) Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika naziriPərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kang ilə görüşüb. Söhbət zamanı təşkilatın qaz hasilatı, nəqli, saxlanması, paylanması və istifadəsi kimi fəaliyyət istiqamətlərindən irəli gələn məsələlərdən danışılıb.
“Beynəlxalq Qaz İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi qeyd olunub və Azərbaycan təşkilatın tədbirlərində müntəzəm iştiraka dəvət edilib”, - deyə məlumatda bildirilir.
P.Şahbazovun Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə isə Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda əməkdaşlığa dair məsələlər, birinci hissəsi istismara verilmiş “Cənub Qaz Dəhlizi”nin icrasının növbəti mərhələləri, xüsusilə də Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, qlobal qaz sektorunda cərəyan edən proseslər, həyata keçirilən qaz ixrac layihələri və onların perspektivləri müzakirə edilib.
Məlumata görə, nazir P.Şahbazovun ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə görüşündə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri, həyata keçirilən enerji layihələri və Azərbaycanın enerji sektorunda aparılan islahatlar müzakirə edilib. Xüsusilə də bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. D.Brouillette bu sahədə təcrübə mübadiləsinin aparılmasını və ekspert dəstəyini təklif edib.*
N.Abbasova