Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Lənkəran rayonunda ümumi çəkisi təxminən 8,5 kq olan narkotik maddə aşkar olunub.
“Lənkəran rayonu sakinlərindən toy mərasimi üçün xüsusi bəzədilmiş avtomobildən ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə aşkar olunub. Xüsusilə, avtomobildə 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin aşkar edilib”, - məlumatda qeyd olunur.
DSX-nin məlumatına əsasən, toy mərasimi üçün xüsusi bəzədilmiş avtomobil gecə vaxtı sahil nəzarəti məntəqəsinin xidməti sahəsinə gəlib. Avtomobildə iki nəfər olub, onlardan birinin avtomobildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub. Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılıb, avtomobilə baxış keçirilib.
“Fakt üzrə cinayət işi başlanılıb”, - DSX qeyd edir. **
F.İsazadə