Avropa İttifaqı ərazisində Ticarət Evinin açılışı Azərbaycan ixracının şaxələndirilməsi formasında nəticə verəcək. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev CBC telekanalına müsahibəsində bildirib.
“İyulda Latviyada Azərbaycan Ticarət Evinin açılışı planlaşdırılır. Bu, Aİ ərazisində ilk Ticarət Evi olacaq, həm də Azərbaycan ixracının şaxələndirilməsi vasitəsilə müəyyən nəticə verəcək”, - Y.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın ixrac xəritəsinin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir. “Bu, Azərbaycan mallarının Avropa istiqamətində yayılmasına şərait yaradacaq”, - Y.Abdullayev əlavə edib.
O vurğulayıb ki, Latviyada Ticarət Evi əsasən kənd təsərrüfatı məhsulları ilə təqdim olunacaq, çünki Almaniya, İsveçrə, Polşa, Böyük Britaniyanın bazarlarında aparılan araşdırmalar bu məhsullara tələbatın olduğunu göstərib.
Hazırda Belarus və Ukraynada Azərbaycan Ticarət Evləri fəaliyyət göstərir. **
B.Rüstəmbəyov