Azərbaycan Ukraynanın regionlarında da Ticarət Evləri aça bilər. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev CBC telekanalına müsahibəsində bildirib.
Xəbər verildiyi kimi, 22 iyun 2018-ci il tarixində Kiyevdə Azərbaycan Ticarət Evi açılıb.
“Qeyd etmək istərdim ki, bu təkliflər (Ukraynanın regionlarında Ticarət Evlərinin açılması - İF) Ukrayna tərəfinin təşəbbüsüdür. Biz bu məsələ ilə bağlı müəyyən danışıqlara başlamışıq. Ukrayanda digər Azərbaycan Ticarət Evlərinin dəqiq açılış tarixini hələlik qeyd edə bilmərəm”, - Y.Abdullayev vurğulayıb.
Eyni zamanda o, 2018-ci ilin sonunadək və ya 2019-cu ilin əvvəlində Ukraynanın regionlarında Ticarət Evlərinin açılmasını istisna etməyib.
Y.Abdullayev qeyd edib ki, gələcəkdə nəinki paytaxtlarda, həm də bölgələrdə Ticarət Evlərinin açılması təcrübəsi tətbiq olunacaq. “Çin xüsusi maraq kəsb edir, çünki çox böyük dövlətdir və burada Azərbaycan məhsullarına müəyyən tələbat var. Bütövlükdə, Ticarət Evlərinin açılması bizim məhsullara tələbatın və ixracın artım potensialının olduğu müxtəlif ölkələrin regionlarında təcrübədən keçiriləcək”, - o əlavə edib. **
B.Rüstəmbəyov