Bakı gələcəkdə də Əfqanıstanda öz hərbçilərinin sayını artırmağa hazırdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezidenti İlham Əliyev çərşənbə günü ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uelsi qəbul edib.
“Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir və bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılıb. Azərbaycan gələcəkdə də öz hərbçilərinin sayını artırmağa hazırdır”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
Azərbaycan prezidenti qeyd etdi ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı bunu bir daha nümayiş etdirəcək və Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi işinə böyük töhfə verəcək.
A.Uels Azərbaycanın Əfqanıstana və bu ölkənin xalqına davamlı dəstəyini və eləcə də Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında Azərbaycan hərbçilərinin sayının artırılmasının ABŞ tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Prezident Əliyev Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını vurğuladı və bildirdi ki, Azərbaycan hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında bu dəstəyi hiss edib. **
N.Abbasova