Vergilər Nazirliyi “Azərmaş” zavodu ilə avtomobillərin satın alınması haqqında 209 min 999,88 manatlıq müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyindən məlumat verilib.
““Azərmaş” avtomobil zavodu Vergilər Nazirliyi üçün avtomobil tədarük edəcək. Müəssisə ilə avtomobillərin satın alınması haqqında müqavilə 2018-ci il iyunun 11-də imzalanıb. Müqavilənin dəyəri 209 min 999,88 manatdır», - deyə məlumatda bildirilir.
Zavodun direktoru Emin Axundova istinadən verilən məlumata görə, «Azərmaş” 2018-ci ildə 1,5 min ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bu il ayda 160 ədəd avtomobil istehsal olunacaq. Onların 60 ədədi “Xəzər” LD, 100 ədədi isə "Xəzər" markalı olacaq. Bütövlükdə, 2018-ci ildə 1,5 min ədəd, 2019-cu ildə 3 min ədəd, 2020-ci ildə 5 min ədəd avtomobil istehsal olunacaq.
"Xəzər SD" markalı avtomobilin qiyməti 16 min manat, "Xəzər LD" markalı avtomobilin qiyməti isə 18 min manat olacaq.
Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub.*
N.Abbasova