Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, Ermənistan hərbi potensialının əhəmiyyətli hissəsini ATƏT-in nəzarət rejimindən gizlədir.
“Ermənistan işğal olunmuş əraziləri işğalda saxlamaqla və burada qanunsuz hərbi fəaliyyəti davan etdirməklə ATƏT-in Vyana sənədi üzrə etimad və təhlükəsizlik tədbirləri rejiminin əsasını təşkil edən suverenlik, ərazi bütövlüyünə hörmət, silahlı qüvvələrin ölkə ərazisində yalnız qəbul edən dövlətin razılığı ilə yerləşdirilməsi kimi əsas prinsiplərini pozur”, - H.Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın bəyanatını “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika və şəxsi heyət cəmləşdirməklə özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir.
“Nəticədə Vyana sənədi üzrə qarşılıqlıq prinsipinə zidd olaraq Ermənistan öz hərbi potensialı və fəaliyyəti barəsində qeyri-düzgün məlumat verməkdə davam edir və öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etməsi və bu əsnada Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən istifadə edilməsinin davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdid olaraq qalmaqda davam edir”, - H. Hacıyev vurğulayıb.
Öncə T.Balayan bəyan edib ki, Azərbaycan genişmiqyaslı hərbi təlimlərə hazırlıq barədə vaxtında məlumat verməyib.
Müdafiə Nazirliyindən cümə axşamı məlumat verilir ki, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.
“Təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq”, - məlumatda deyilir. **
F.İsazadə