Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu il sentyabrın 1-də başlanılacaq.
Milli Məclisin növbədəkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dekabrın 5-də Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi-konfransı çərçivəsində yeni nəsil şəxsiyyət vəsiqəsini ictimaiyyətə təqdim edib. Yeni nəsil şəxsiyyət vəsiqələrininfərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, vəsiqəyə yerləşdirilən çipə elektron imza daxil olacaq. Bu, vətəndaşlara “Elektron hökumət” portalından sərbəst istifadə etmək imkanı verəcək.
Nazir Ramin Quluzadə təqdimatda qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi məqsədilə müvafiq infrastruktur artıq hazırdır. **
A.Əzizov