2018-ci ilin sonuna qədər Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Bu ilin sonunadək Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası və biznes-forum keçiriləcək”, - Ş.Mustafayev cümə günü Macarıstanın xarici işlər və ticarət naziri və Birgə Komissiyanın həmsədri Peter Siyarto ilə görüşdə bildirib.
Ş.Mustafayev Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələr arasındaticarət dövriyyəsinin bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib.
Həmçinin qeyd olunub ki, Azərbaycan-Macarıstan əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, informasiya texnologiyaları, energetika, ticarət, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində də uğurla davam edir
Nazir vurğulayıb ki, dərman vasitələrinin Azərbaycanda birgə istehsalının təşkili üçün Pirallahı Sənaye Parkında yaradılmış infrastrukturdan və əlverişli imkanlardan yararlanmaq olar.
Öz növbəsində P.Siyarto bəyan edib ki, ölkəsi Azərbaycanla əməkdaşlığa önəm verir və Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.
Onun sözlərinə görə, Macarıstan Azərbaycanla əczaçılıq, turizm, təhsil, kənd təsərrüfatı, enerji, nəqliyyat, su təsərrüfatı və s. sahələrdə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycanda və Macarıstanda ticarət evlərinin açılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşün sonunda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Dillər Universiteti arasında Universitetdə macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı əməkdaşlıq sənədi imzalanıb.
Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın altıncı iclası 28 iyun 2016-ci il tarixində Bakıda keçirilib. **
B.Rüstəmbəyov