Azərbaycan İspaniyanın “Ejecutivos” jurnalının “turizm sahəsində ən yaxşı nailiyyətlər əldə edən ölkə” kimi “Beynəlxalq tuirizm istiqaməti” mükafatına layiq görülüb.
Sayca 28-ci mükafatlandırma mərasimində Azərbaycanın İspaniyadakı səfiri, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edib.
Diplomat çıxışında vurğulayıb ki, bu mükafat “Azərbaycanda turizm sektoruna göstərilən dövlət qayğısından xəbər verir”. Onun sözlərinə görə, UNWTO ilə əməkdaşlıq sayəsində Azərbaycan turizmin inkişafında əhəmiyyətli irəliləyişlərə nail olub və dünyada turizmin davamlı inkişafına önəmli töhfə verib.
“Ejecutivos”un münsiflərinin rəyinə görə, Azərbaycan əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi, gözoxşayan təbiəti, təkrarolunmaz arxitekturası və təbii sərvətləri ilə turist axınını özünə cəlb edib və ölkədə təhlükəsizliyin təmin edilməsi, əlverişli əmək bazarı və turizm sektorunun inkişafı üçün münbit şərait yaradılması ilə “regionun turizm mərkəzinə çevrilib”.
“Təhlükəsizliyin təminatı, çevik əmək bazarı və ölkədə turizm sektorunun inkişafı üçün yaxşı şərait Azərbaycanın cəlbedici turizm istiqaməti olaraq populyarlığına imkan yaradır”, - “Ejecutivos” qeyd edir. **
N.Abbasova