“Şahdəniz konsorsiumu “Şahdəniz” yatağının işlənməsinə dair “Mərhələ-2” layihəsi çərçivəsində TANAP qaz kəməri ilə Azərbaycan qazının kommersiya nəqlinə başlayıb. Bu barədə bp-Azerbaijan şirkətindən mlumat verilir.
“İyunun 30-da “Şahdəniz” yatağının işlənməsinə dair “Mərhələ-2” layihəsi çərçivəsində TANAP ilə kommersiya məqsədli qazın Türkiyəyə nəqlinə başlanılıb”, - məlumatda qeyd olunur.
“Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” çərçivəsində mövcud hasilata ildə 16 mlrd. kubmetr qaz əlavə olunacaq. Layihənin “Mərhələ-1” ilə birlikdə “Şahdəniz”in ümumi hasilatı 26 mlrd. kubmetr qaz və 120 min barel kondensat həcminə çatdırılacaq.
“Şahdəniz” yatağının işlənməsinə dair “Mərhələ-2” layihəsi çərçivəsində TANAP ilə kommersiya məqsədli qazın Türkiyəyə nəqli vaxtında və büdcə çərçivəsində həyata keçirilib. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığmızı davam etdirəcəyik,” – məlumatda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consun sözlərindən sitat gətirilir.
“TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. Şahdəniz-2 üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”, - SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
12 iyun 2018-ci il tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin açılış mərasimi keçirilib.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində Trans-Anadolu (Trans Anatolian Pipeline, TANAP) qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. **
N.Abbasova