İpoteka və Kredit Zəmanət Fondu (İKZF) "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması üçün “KPMG Azerbaijan Limited” şirkətini cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“KPMG Azerbaijan Limited” şirkəti İKZF-nin "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi olub və onunla 28 iyun 2018-ci il tarixli satınalma müqaviləsi bağlanıb.
Xəbər verildiyi kimi, tenderin şərtlərinə əsasən, hər iki sistem tenderin qalibi ilə müqavilə bağlandıqdan sonra 3 ay ərzində yaradılmalıdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
N.Abbasova