23-24 iyul tarixlərində Latviyada Azərbaycan Ticarət Evinin açılışı olacaq.
“23-24 iyul tarixlərində Riqada Azərbaycan Ticarət Evinin açılışı gözlənilir”, - “İnterfaks-Azərbaycan” agentliyinə Latviyanın Bakıdakı səfirliyindən məlumat verilir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, bununla əlaqədar Azərbaycanın nümayəndə heyəti Latviyaya səfər edəcək. Nümayəndə heyətinə müxtəlif dövlət və özəl strukturların nüayəndələri daxil olacaq.
“Azərbaycanın yüksək vəzifəli şəxslərin iştirakını gözləyirik. Hazırda bu istiqamətdə iş aparılır, nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir”, - agentliyin həmsöhbəti bildirib.
“Hesab edirik ki, Ticarət Evinin açılışı Bakı ilə Riqa arasında nəinki iqtisadiyyat, həm də digər əməkdaşlıq sektorlarında münasibətlərin dərinləşməsinə imkan yaradır”, - səfirlikdən əlavə ediblər.
Azərbaycan Ticarət Evi yerli məhsullarımızın "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.
Hazırda Azərbaycanın Belarus və Ukraynada Ticarət Evləri fəaliyyət göstərir. Bundan başqa, BƏƏ və Rusiyada Ticarət Evinin açılışı planlaşdırılır.
F.İsazadə