Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 2,5 kq-dan çox narkotik vasitə ilə saxlanılıb.
“Keçirilmiş əməliyyat tədbiri nəticəsində DSX əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini İbrahim Əhmədov 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb”, - deyə DSX-nın məlumatında bildirilir.
Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini Aynur Abdullayeva saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.
Əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini Xalidə Ağayeva saxlanılıb”, – deyə məlumatda qeyd olunur.
Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.*
F.İsazadə