İyulun 2-dən 3-nə keçən gecə Azərbaycanda elektrik enerjisinin verilişinin kəsilməsi ilə əlaqədar Bakı Metropoliteninin bir neçə stansiyası işləmir və sərnişinləri qəbul etmir.
"Hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı Metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir", - deyə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Bundan başqa, elektrik enerjisinin kəsilməsi “Azərsu” ASC-nin fəaliyyətinə də mənfi təsir göstərib. ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb.
Hazırda Bakının böyük hissəsində su təchizatı ilə bağlı yaranmış problem tədricən aradan qaldırılacaq. Enerji təchizatının bərpasından sonra su təchizatı sisteminin normallaşmasına 12-14 saat lazımdır. Buna görə də gün ərzində su təchizatında müəyyən problemlər ola bilər”, - deyə o əlavə edib.*