"Azərenerji" ASC yaxın zamanlarda “Azərbaycan” İstilik Elektrik Stansiyasının daha 2 blokunun qoşulmasını təmin edəcək ki, bu da regionlarda enerji təchizatını tam şəkildə bərpa etməyə imkan verəcək.
“Hazırda regionlarda enerji təchizatı 90% bərpa olunub. Stansiyada iki ehtiyat enerji bloku istifadə olunur. Tezliklə sistemə daha iki blok da qoşulacaq ki, nəticədə regionlarda enerji təchizatını tam şəkildə bərpa etmək mümkün olacaq", - deyə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və şöbəsinin rəisi Yəhya Babanlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Yerli KİV-in məlumatına görə, qəza "Azərbaycan" İES-in elektrik təsərrüfatında və 6-cı blokunda baş verib. 6-cı blokla yanaşı, digər blokları qidalandıran enerji xətləri də sıradan çıxıb və qəzalı vəziyyətə düşüb.
Hazırda elektrik təsərrüfatının bərpası istiqamətində işlər aparılır. Proses ən azı 4-5 gün davam edə bilər. Xətlər və sıradan çıxmış qurğular bərpa olunduqca bloklar növbəlik prinsipi ilə işə salınacaq. İlk növbədə 7-ci enerji blokunun işə salınması nəzərdə tutulur. Bunun üçün ciddi hazırlıq işləri aparılır.
Hazırda stansiyaya dəymiş ziyanın həcmi hesablanır.*
N.Abbasova