“Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğının söndürülməsinə 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.
“03 iyul 2108-ci il saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb”, - deyə Fövqəladə Hallar Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.
Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb.
“Yanğın zamanı xəsarət alan olmayıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov