Hazırda SOCAR şirkətinin (ARDNŞ) müəssisələrində normal iş rejimi bərpa edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilir.
“Azərbaycanın energetika sistemində baş vermiş qəza ilə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub. Bundan əlavə, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılıb”, - şirkətdən bildiriblər.
Məlumata əsasən, çərşənbə axşamı səhər saatlarında elektrik enerjisinin təchizatı bərpa olunduqdan sonra Qaz anbarları, Qaz İxrac İdarəsinin Kompressor stansiyaları, NEZ və “Azərikimya” İB-nin müəssisələrinin bütün qurğuları tədricən işə salınıb.
“Hazırda SOCAR-ın müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir”, - şirkətdən vurğulanıb. **
N.Abbasova