Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın səylərinə böyük ümidlər bəsləyir.
İ.Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə prezident Donald Trampı təbrik edib.
“Biz münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, – deyə təbrikdə bildirilir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyir.
Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Regional çağırışlara və terrorizmə qarşı mübarizədə, təhlükəsizlik məsələlərində, eləcə də iqtisadi sahədə ölkələrimiz yaxından və səmərəli əməkdaşlıq edir.
Prezident İ.Əliyev enerji sahəsindəki əməkdaşlıqdan məmnunluq ifadə edib. “Enerji sahəsindəki əməkdaşlığımız xüsusilə əhəmiyyətlidir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi məmnunluq doğurur. Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir”, - deyə o vurğulayıb.
İ.Əliyev D.Trampa möhkəm cansağlığı və işlərində uğurlar diləyib.*
F.İsazadə