İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı və “Bank VTB - Azərbaycan” azərbaycanlı ixracatçılara dəstəklə bağlı razılığa gəlib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu gün "Azexport.az" portalı və "Bank VTB - Azərbaycan" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun məqsədi "VTB Bank" Qrupun təmsil olunduğu bir sıra ölkələrdə Azərbaycan ixracatçıları üçün yeni ixrac maliyyəsi imkanlarının təqdim edilməsi, birgə konfrans və tədbirlərin, biznes missiyaların təşkili, "Azexport.az" portalının imkanları barədə məlumat mübadiləsi, yeni sığorta, nəqliyyat və logistika imkanlarının təqdim edilməsidir.
"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov yeni əməkdaşlıq sənədinin portalın işinə böyük töhfə verəcəyini vurğulayıb. O bildirib ki, məhsullarını daha yüksək qiymətə satmaq və davamlı tərəfdaşlarla müqavilələr imzalamaq məqsədilə "Azexport" "VTB Bank"la birlikdə Rusiyanın mağaza zəncirləri və digər potensial müştərilərlə əməkdaşlıq çərçivəsində həmin şəxslərə mal göndərmək istəyən ixracatçılara qısamüddətli maliyyə vəsaiti təqdim edəcək. İxracatçılar fasiləsiz təchizatı təmin etmək məqsədilə göndərilən malların dəyərini bir neçə gün müddətində bank vasitəsilə ala biləcəklər.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, ənənəvi bazarlara və yarmarkalara nisbətən market zəncirləri və digər dövlət və özəl satınalma müqavilələri daha çox əlavə dəyər təmin edən və etibarlı satış kanallarıdır. Bununla belə, Azərbaycan məhsullarının bu cür kanallarla satışına maneə yaradan amillərdən biri də göndərilən malların pulunun dövrü olaraq 60-90 gün müddətində ödənilməsidir ki, bu da, öz növbəsində, bir çox hallarda ixracatçı üçün fasiləsiz təchizatı təmin etməkdə çətinlik yaradır.
"Bank VTB - Azərbaycan"ın İdarə Heyətinin rəhbəri Yevgeni Kirin isə qeyd edib ki, "VTB (Azərbaycan) 20-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə qrupunun üzvüdür.
“Bankımızın əsas məqsədlərindən biri Azərbaycan biznesinə yeni bazarlara çıxışda yardım etməkdir. Əminəm ki, memorandumun imzalanması Azərbaycan-Rusiya ixracatçılarının maliyyə imkanlarını genişləndirməyə və sahibkarlıq fəaliyyətini stimullaşdırmağa imkan verəcək", - deyə o vurğulayıb.*
N.Abbasova