“SOCAR Petroleum” QSC (SOCAR-ın törəməsi) çərşənbə günü Azərbaycanda sıxılmış təbii qazın (Compressed Natural Gas) pərakəndə satışına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilir.
“Bu gün “SOCAR Petroleum” Bakı-Hövsan yolunun başlanğıc hissəsində, Baku-Bus MMC-nin yaxınlığında istehlakçılar üçün sıxılmış təbii qaz (CNG) məntəqəsini istifadəyə verib. Bununla da şirkət Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi CNG satışına başlayıb. Yanacağın bir kubmetri 0,45 manat təşkil edir”, - məlumatda deyilir.
Avqust-sentyabr aylarından başlayaraq şirkətə məxsus Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektidəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində CNG-in satışı həyata keçiriləcək.
“Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci km-dəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq”, - məlumatda vurğulanır. **
N.Abbasova