Prezident İlham Əliyev Azərbaycanın enerji sistemində yaranmış problemlərlə əlaqədar ölkəyə kömək göstərən Rusiya və Gürcüstana təşəkkürünü bildirib.
“İyulun 4-də prezident İ.Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Dövlət başçısı enerji böhranı dövründə Azərbaycana kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürünü bildirib”, - deyə AzTV xəbər verir.
Prezident bu işlərdə günahı olan bütün insanların müəyyən edilərək cəzalandırılmalarını tapşırıb.
"İ.Əliyev qeyd edib ki, son 15 il ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub, onlarla yeni elektrik stansiyası istifadəyə verilib. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Əlavə tədbirlər görülməli və təkliflər hazırlanmalıdır”, - deyə məlumatda vurğulanır.
Dövlət başçısı bildirib ki, qəzanın fəsadları qısa müddət ərzində aradan qaldırılıb.*
N.Abbasova