Çərşənbə axşamı qəza baş verdiyi Azərbaycan İES-in energetikları bunun səbəblərini izah edə bilmədilər. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
“Yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır. Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir”, - K.Heydərov Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə bildirib.
Onun sözlərinə görə, orada energetiklərlə söhbət zamanı nazir soruşub ki, niyə ikinci dəfə blok çökdü. “Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı”, - K.Heydərov qeyd edib.
“Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub və ona görə burada açılıb. Biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə olub. mən orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır”, - o vurğulayıb.
K.Heydərov təklif edib ki, beynəlxalq təcrübəsi olan qurum stansiyanın hansı vəziyyətdə olduğunu audit etməlidir. “Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır”, - nazir əlavə edib. **
F.İsazadə