Azərbaycan pezidenti İlham Əliyev cümə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında imzalanan iki müqaviləni təsdiq edib.
Müqavilələr 31 may 2018-ci il tarixində Bakıda imzalanıb.
Xüsusilə “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş imzalanıb.
Bundan başqa, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb.
“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” haqqında sazişə əsasən “Equinor” şirkəti 12 ay ərzində müqavilə sahəsində ehtiyatların qiymətləndirilməsi üçün bir kəşfiyyat quyusu qazacaq. Qazmanın nəticələri layihənin kommersiya cəhətdən əlverişliliyini təsdiq edərsə, işlər davam etdiriləcək. Əks halda, “Equinor” müqavilədən çıxmaq hüququna malikdir.
“Equinor” layihədən çıxarsa, qazılmış quyu SOCAR-ın sərəncamında qalacaq. **
A.Əzizov