Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin I yarısında dövlət büdcəsinə 1 mlrd. 618 mln. 996,9 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin I yarısında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 mlrd. 171 mln. 226,51 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə köçürmələr 38,2% artıb.
2018-ci ilin I yarısında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 114,3 mln. manat, aksizlər üzrə 75 mln. 257,2 min manat, yol vergisi üzrə 17 mln. 271,9 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 412 mln. 167,8 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 2 mlrd. 430 mln. manat məbləğində müəyyən edilib.*
N.Abbasova