2019-ci ilin birinci yarısında Almaniya-Azərbaycan Forumunun (DAF) idarə heyətinin nümayəndələri Azərbayana səfər edəcəklər. Bu barədə idarə heyətinin sədri Hans Eberhard Şleyer məlumat verib.
Azərbaycanın Almaniyadakı səfirliyində DAF idarə heyətinin illik iclası keçirilib. Bu barədə Azərbaycanın Berlindəki diplomatik nümayəndəliyindən məlumat verilir.
“H.E.Şleyer çıxışı zamanı qeyd edib ki, 2019-cu ilin birinci yarısında DAF idarə heyətinin nümayəndələri Azərbayana səfər etməyi planlaşdırırlar”, - məlumatda deyilir.
H.E.Şleyer bildirib ki, Azərbaycan “Almaniyanın mühüm iqtisadi tərəfdaşıdır”, ölkələr ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün potensiala malikdir.
Öz növbəsində Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara Azərbaycandakı siyasi-iqtisadi vəziyyət və həyata keçirilən islahatlar barədə məlumat verib.
DAF 2006-cı ildə Berlində yaradılıb. Təşkilatın fəaliyyəti Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin təşviqi, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində münasibətlərin intensivləşməsi və elmi mübadilənin inkişafından ibarətdir. DAF iki ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə tədbirlər təşkil edərək ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına imkan yaradır. **
F.İsazadə