Prezident İlham Əliyev bu gün 2018-ci il dövlət büdcəsində gəlir və xərclərin artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni dövlət başçısının saytında dərc olunub.
Dəyişikliklər dövlət büdcəsinin gəlir hissəsinin 2 mlrd. 22 mln. manat və ya 10% - 22 mlrd. 149 mln. manatadək artırılmasını nəzərdə tutur. Dövlət büdcəsinin xərc hissəsi 2 mlrd. 53 mln. manat və ya 9,8% - 23 mlrd. 100 mln. manatadək artırılacaq.
Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-nin 1,3%-ni təşkil edəcək.
Əlavə gəlirlərin strukturunda 785 mln. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 1 mlrd. 750 mln. manat Dövlət Neft Fondundan transfertlərin artması, qalan məbləğ isə sair gəlirlərin hesabına təmin olunacaq. Vergilər Nazirliyi üçün plan 527 mln. manat azaldılır. Bu, onunla əlaqədardır ki, vergi ödəyiciləri tərəfindən müəyyən vergi növləri üzrə avans ödənişləri həyata keçirilib və hazırda onların əvəzləşdirilməsi zərurəti yaranıb.
Dövlət büdcəsinin əlavə xərclərinin strukturunda 166 mln. manat müdafiə və təhlükəsizliklə bağlı tədbirlərə, 180 mln. manat sosial məqsədlərə yönəldiləcək. Bundan başqa, SOCAR-ın ehtiyaclarına dövlət büdcəsindən 963 mln. manat, “Azərenerji” ASC-nin kapitalının artırılmasına 81 mln. manat, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin kapitalının artırılmasına isə 100 mln. manat ayrılacaq.
Dövlət büdcəsindən ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlərə əlavə 98 mln. manat, yol infrastrukturunun yaxşılaşdırılmasına 39 mln. manat, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılmasına 20 mln. manat, turizmin inkişafına 20 mln. manat, regionlarda abadlıq işləri ilə bağlı tədbirlərə 21 mln. manat, Bakı şəhərinin yeni Baş Planının hazırlanmasına 9 mln. manat, dövlət strukturlarının büdcədənkənar xərclərinin artırılmasına 39 mln. manat yönəldiləcək.
Əlavə xərclərin strukturunda müəyyən vəsait (261 mln. manat - İF) dövlət əsaslı vəsait qoyuluşları çərçivəsində müxtəlif layihə və proqramların maliyyələşdirilməsinə yönəldiləcək.
Daha əvvəl maliyyə naziri Samir Şərifov qeyd edib ki, dövlət büdcəsinə dəyişikliklərin edilməsinin səbəblərindən biri neftin qiymətinin yüksək olması ilə əlaqədardır.
“2018-ci il dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollardan hesablanıb, lakin yanvar-may aylarında neftin bir barelinin orta qiyməti 71,5 dollar təşkil edib. Buna görə biz neftin bir barelinin qiymətinin 55 dollara çatdırılmasını təklif edirik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, nəticədə dövlət büdcəsinin mənfəət vergisi üzrə əlavə gəlirləri 500 mln. manat, Dövlət Neft Fondunun gəlirləri isə 5,6 mlrd. manat təşkil edəcək.*
A.Əzizov