2018-ci ilin yanvar-may aylarında Azərbaycanla İsveçrə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 82% artıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“2017-ci ildə Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin həcmi $240 mln. təşkil edib və 2016-cı illə müqayisədə 46% artıb. Eyni zamanda, Azərbaycandan ixracın həcmi 80% artıb. Cari ilin 5 ayının yekunları üzrə ölkələr arasında ticarət dövriyyəsi 82%, həmçinin Azərbaycandan ixracın həcmi 42% artıb”, - Ş.Mustafayev bazar ertəsi Bakıda Azərbaycan-İsveçrə biznes forumunda bildirib.
Onun sözlərinə görə, indiyədək İsvüçrə Azətrbaycanın qeyri-neft sektoruna $730 mln. yatırıb. “Bu, əsasən Holcim şirkətinin sərmayələridir. Azərbaycan İsveçrə iqtisadiyyatına $1,2 mlrd. vəsait yatırıb, bu investisiyalar əsasən SOCAR-ın payına düşür”, - nazir vurğulayıb.
O əlavə edib ki, ötən həftə Azərbaycan ixrac missiyası İsveçrədə səfərdə olub. “Missiya zamanı 220 ton fındığın ixracına dair razılıq əldə olunub. Bu gün Azərbaycan dünyada fındıq ixracı üzrə 3-cü yerdədir. Potensialımız təqribən $125 mln. təşkil edir”, - Ş.Mustafayev bildirib.
Nazir bəyan edib ki, İsveçrə şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda 71 İsveçrə şirkəti fəaliyyət göstərir. **
B.Rüstəmbəyov