Ermənistanda yeni hakimiyyət reytinqlərini saxlamaq üçün müharibə ritorikasından istifadə edir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir. Ermənistan tərəfindən müxtəlif səviyyələrdə ziddiyyətli bəyanatlar verilir, bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib. Ermənistanda bu gün hakimiyyətdə olan qüvvələr yüksək reytinqlərini saxlamaq üçün müharibə ritorikası və yaxud proseslərin formatını təhrif edən açıqlamalar verirlər”, - H.Hacıyev bazar ertəsi jurnalistlərə bildirib.
O vurğulayıb ki, Ermənistan işğal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəblə, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, rəsmi İrəvan danışıqlar prosesinin tərkib hissəsidir.
“Ermənistanın danışıqlar prosesinə şərt qoyması Azərbaycan üçün qəbuledilməzdir. Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədrləri və Ermənistan tərəfi də yaxşı bilir”, - H.Hacıyev qeyd edib. **
F.İsazadə