Prezident İlham Əliyev hökumətə iqtisadiyyatda, həmçinin gömrük-vergi sistemində islhatalrı davam etdirməyi tapşırıb.
“Son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini vermişdir. Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”, - İ.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir, şərait yaradılmalıdır ki, qeyri-neft sektoruna xarici sərmayə daha böyük həcmlə qoyulsun .
“Eyni zamanda, qanunvericilikdə də əlavə tədbirlər görülməlidir.Ancaq müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin”, - prezident qeyd edib.
İ.Əliyev bəyan edib ki, vergi və gömrük sistemlərində islahatlar paralel olaraq aparılmalıdır. “Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, vəzifə bundan ibarətdir”, - prezident deyib.
Dövlət başçısı qeyd edib ki, bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. “Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir”, - İ.Əliyev bildirib.
Prezident əlavə edib ki, hamı qanun qarşısında bərabər olmalıdır, “ heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz”. **
F.İsazadə