3 iyul 2018-ci il tarixində Azərbaycanın enerji sistemində baş verən qəza enerji sistemində struktur islahatların aparılmasını zəruriliyini nümayiş etdi. Bunu prezident İlham Əliyev deyib.
“Son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılmışdır. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır. Ancaq buna baxmayaraq, uiyulun 3-də baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var”, - İ.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, hazırda işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək.“Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir.Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır.Ancaq ilkin məlumata görə, hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir.Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır”, - İ.Əliyev vurğulayıb.
Prezident bildirib ki, Komissiyada bu məsələ müzakirə ediləcək, təkliflər veriləcək.
O əlavə edib ki, Azərbaycanın kifayət qədər enerji generasiya gücü var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək.“Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin”, - o vurğulayıb. **
F.İsazadə