2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsinin profisiti operativ məlumatlara əsasən 0,3 mlrd. manat və ya gəlirlərə nisbətən 3% təşkil edib.
“Ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 mlrd. manat, xərcləri 9,5 mlrd. manat olub”, - iqtisadiyyat naziri Şahin Mustafayev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 mlrd. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.
Ş.Mustafayev qeyd edib ki, iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 mlrd. manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22%, qeyri-neft sənayesi üzrə isə 69% artıb.
Nazir əlavə edib ki, birinci yarımillikdə Dövlət investisiya proqramı 47% icra edilib.
“Hazırda ölkədə qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması məqsədilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb”, - nazir qeyd edib. **
A.Əzizov