2018-ci ildə Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə istifadəyə veriləcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Sənaye parklarına indiyədək 2,6 mlrd. dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 mlrd. dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək”, - Ş.Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib .
Onun sözlərinə görə, Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. “Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 mln. dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 mln. dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub”, - nazir qeyd edib.
Ş.Mustafayev bildirib ki, Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 mln. manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb.
“Həmçinin Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək”, - o əlavə edib. **
A.Əzizov