«AzerGold» QSC Balakən rayonu ərazisində yerləşən “Filizçay” polimetal yatağının istismarı nəticəsində 3 milyard manata yaxın vəsaitin daxil olmasını gözləyir. Bunu cəmiyyətin sədri Zakir İbrahimov deyib.
““Filizçay” yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir”, - deyə o, iyulun 8-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Sədrin sözlərinə görə, “Filizçay” polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcək.*
N.Abbasova