“Azərxalça” ASC Yaponiyaya xalça ixrac etməyi planlaşdırır. Bu barədə cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov jurnalistlərə açıqlamasında deyib.
“Azərxalça” bu ilin sonunadək Yaponiya şirkətlərindən biri ilə Azərbaycan xalçalarının satışı haqqında müqavilə imzalayacaq”, - deyə o bildirib.
V.Muradovun sözlərinə görə, bu təşəbbüs Yaponiya tərəfindən irəli sürülüb. Lakin o, şirkətin adını açıqlamayıb.
Sədr vurğulayıb ki, "Azərxalça" ASC-nin məhsullarına xarici ölkələrdən maraq olsa da, konkret təkliflər yoxdur.
O əlavə edib ki, bu il Azərbaycanda 10 xalça fabrikinin istifadəyə verilməsi planlaşdırılır (2 fabrik artıq açılıb – İF), 2019-cu ildə də 10 fabrik istifadəyə veriləcək. Bununla da xalça fabriklərinin sayı 30-a çatdırılacaq.
V.Muradov bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq fabriki inşa olunur. “Bu, məhsulun maya dəyərini azaltmağa imkan verəcək”, - deyə o əlavə edib.
B.Rüstəmbəyov