Azərbaycanda Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 mlrd. manatdan artıq təşkil edir. Bunu “AzerGold” QSC-nin sədri Zakir İbrahimov deyib.
“Ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 mlrd. manatdan artıq təşkil edir”, - deyə o, iyulun 8-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Sədr qeyd edib ki, ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır. Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib.
“Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır. Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb”, - deyə Z.İbrahimov əlavə edib.
O deyib ki, nəzərdə tutulan işlərin davamlılığını və vaxtında həyata keçirilməsini təmin etmək üçün maliyyələşmə mənbələri, o cümlədən potensial investorlar və strateji partnyorlarla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.
Sədr, həmçinin bildirib ki, ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb. Sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcək.*
N.Abbasova