Son 1 ildə 12 əcnəbi ekstremist Azərbaycandan çıxarılıb. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bu gün jurnalistlərə açıqlamasında deyib.
“Son bir ildə xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb, 12 əcnəbi ekstremist Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkə hüdudlarından çıxarılıb”, - deyə o bildirib.
S.Mahmudov qeyd edib ki, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist Azərbaycana qayıdarkən saxlanılaraq istintaq orqanlarına təqdim olunub.
Şöbə rəisinin sözlərinə görə, DTX aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyllərinin qarşısını almaq məqsədi ilə ardıcıl və sistemli iş aparır.*
F.İsazadə