Vergi yoxlamaları və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq. Bu barədə Vergilər Nazirliyindən məlumat verilir.
“Bu məqsədlə nazirlikdə həyata keçirilən struktur islahatlarından sonra Vergi auditi departamenti yaradılıb”, - nazirlikdən qeyd olunub.
Öncə səyyar vergi yoxlamalarına və operativ nəzarət tədbirlərinə ayrı-ayrı strukturlar tərəfindən nəzarət olunub. Nəticədə bəzən bir vergi ödəyicisində eyni anda həm səyyar vergi yoxlaması, həm də operativ nəzarət tədbirlərinin təyin olunması hallarına rast gəlinirdi ki, bu da vergi ödəyicilərinin haqlı narazılığına səbəb olurdu.
“Yeni struktur dəyişikliklərə əsasən, bu tədbirlər Vergi auditi departamenti tərəfindən idarə olunacaq”, - nazirlik vurğulayır.
Departamentin tərkibində Səyyar vergi yoxlamalarına nəzarət, Operativ vergi nəzarəti və Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb.
“Departamentin əsas vəzifəsi vergidən yayınan şəxslərin aşkar edilməsi və onlarda nəzarət tədbirlərinin keçirilməsi olacaq. Təhlil şöbəsi tərəfindən rəqəmsal texnologiyalara əsaslanaraq təkmil risk qiymətləndirilməsi həyata keçiriləcək, vergi ödəyiciləri risk qruplarına bölünəcək. Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat şəkildə fəaliyyət göstərəcək. Riskin səviyyəsindən asılı olaraq, vergi ödəyicisində nəzarət tədbirin forması - səyyar vergi yoxlaması və ya operativ nəzarət tədbirləri həyata keçiriləcək”, - nazirlik vurğulayır. **
B.Rüstəmbəyov