“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri Xəzər dənizinin Rusiya sektorunda dibdərinləşdirmə işləri yerinə yetirir. Bu barədə XDG-nin məlumatında deyilir.
“XDG-nin Xəzər Dəniz Neft Donanmasına məxsus 5 gəmi “Voltar Marine” şirkətinin sifarişi əsasında “Filanovski” yatağında dibdərinləşdirmə işləri yerinə yetirir. Dibdərinləşdirmə layihəsinin icrasına bir torpaqqazan - “Mühəndis Balarza Məmmədov”, üç torpaqdaşıyan - “Bakinskaya 3”, “Bakinskaya 5”, “Bakinskaya 6” və “Yarenqa” təchizat-yedək gəmiləri cəlb olunub. İşlər 26 iyun 2018-ci il tarixindən etibarən həyata keçirilir”, - məlumatda qeyd olunur.
İndiydək 27,05 min kubmetr qazma işləri həyata keçirilib.
Layihənin ikinci mərhələsi çərçivəsində 600 ton yükqaldırma qabiliyyətinə malik “Qurban Abasov” kran gəmisi həmin ərazidə platformanın dayaq blokunun quraşdırılması işlərində, “Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarında istismar ediləcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var. **
N.Abbasova