Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin I yarısında 1,96 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Hesabat dövründə AZAL-ın payına 815 min sərnişin, milli loukoster “Buta Airways”in (2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb) payına isə 216 min sərnişin düşüb”, - deyə məlumatda bildirilir.
I yarımillikdə 1 mln. 685 min sərnişin (sərnişin dövriyyəsinin 86%-i) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq reyslərin 32%-i AZAL-ın, 13%-i isə “Buta Airways”in payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun ayları ərzində bu istiqamətlərə 1,25 mln. sərnişin uçub.
İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Bakıya uçuşlar yerinə yetirməyə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2017-ci ildə aeroport 4,06 mln. sərnişinə xidmət göstərib, bunun 85%-i beynəlxalq reyslərin sərnişinlərinin payına düşüb.*
N.Abbasova